BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ağalar Məmmədov: Vicdan(sızlıq) problematikasına giriş (Meydan.tv)

 

Bu yazım “Vicdan yazıları” adlandırıla biləcək silsilə yazılarımın ilkidir.
Mən Azərbaycan kulturasında (kültüründə) vicdan və vicdansızlıq mənzərəsinə baxmaq istəyirəm. Qarşıda bizi xeyli çətin suallar gözləyir: Vicdan ancaq əzabdırmı? Vicdan ancaq hissdirmi? Vicdan anadangəlmədirmi? Vicdan allahın isbatıdırmı? Kimdir vicdansız? Başqasına vicdansız demək haqqımız varmı? Şeyx Allahşükür Paşazadənin də başa düşmədiyini söylədiyi “vicdan azadlığı” nədir? Təkcə bir vicdanmı var? Vicdan məhbusluğu əslində nədir? Sosial vicdan nə deməkdir? Vicdanın hansı anlamları və komponentləri var? Vicdan yanılmazmı? Vicdan dəyişməzmi? Azərbaycan kültüründə vicdanın çəkisi nə qədərdir? Düşüncə tarixində vicdan necə əsaslandırılıb, ya da rədd edilib? Bu və bu kimi başqa “vicdani” sualları işlərkən, istər-istəməz, vicdanın nəliyi üzərinə də işıq düşmüş olacaq və irəlidə bu suallardan gözlənilməz suallar da çıxacaq.

Mən bilən, Azərbaycan tarixində vicdan barəsində indiyəcən ciddi bir araşdırma aparılmayıb və sistemli bir yazı da qələmə alınmayıb.
“Vicdan(sızlıq)” özü sadə problem olmadığı üçün, mən də təkcə vicdan(sızlıq)” anlayışına deyil, ona bağlı başqa suallara da aydınlıq vermək istədiyim üçün onu problem yox, problematika adlandırdım.

***

Vicdanla üç yerdə görüşmək olar: Birinci: hərəkətimizdən qabaq – bu, gözətçilik edən vicdandır; ikinci: prosesin içində – bu, bizə yoldaşlıq edən vicdandır; üçüncü: hərəkətimizdən sonra; bu, bizə hakimlik edən vicdandır.

1. Gözətçi kimi vicdan başdan yolumuzu kəsib buraxmayandır, azadlığımızı qısandır. Bu anlamda vicdan qorxudub çəkindirir. “Vicdanım yol vermir” deyirik (çox tək-tük hallarda olsa da). Beləliklə, azadlığımızın asılı olduğu faktorlardan biri də vicdanımızdır. Verəcəyimiz qərarları saf-çürük etdiyi üçün mən buna “süzgəc” kimi vicdan adı verirəm.
2. Bizə yoldaşlıq edən vicdan ayıldıcıdır. Bəzən öncə hə deyib, sonra prosesin gedişində (içində) qərarımızdan, ya da niyyətimizdən daşındığımız hallar olur. Ucunu batırıb bizi ayıltdığı üçün buna “biz” kimi vicdan adı vermək olar.
3. Hakim kimi vicdan bizi mühakimə edən, cəza kəsəndir, əzabverəndir (ağrıdan). Bu anlamda vicdan günahkarlıq duyğusuna səbəb olur. Sıxıb ağrıtdığı üçün buna da “kəlbətin” kimi vicdan adı vermək olar.

Beləliklə, vicdan bizi qabaqlaya, bizlə yanaşı addımlaya və nəhayət geciksə də, bizə arxadan çata bilər.
S. Kierkegaard belə bir hekayə yazıb: Dəniz sahilində gözəl bir çiçək onu qurtaracaq qəhrəmanını gözləməkdədir. Bir gün dənizdən qorxunc bir dəniz əjdahası çiçəyi uzaqdan görüb, ona sarı üzməyə başlayır. Çiçək də uzaqdan əjdahanın ona sarı üzdüyünü görüb „Axır ki!“, deyibən, sevincindən coşub titrəyir. Əjdaha acıqlı bir sərtliklə çiçəyə sarı üzməkdə, çiçək isə elə hey xoşbəxt-xoşbəxt ona gülümsünməkdədir. Əjdaha çiçəyə çatır, onu yerindən çəkib qoparır. Çiçək əjdahanın qoynuna sığınır. Əjdaha çiçəyi götürüb sürətlə sahildən uzaqlaşmağa, yenidən dənizin dərinliklərinə üzməyə başlayır. Çiçək öz xilaskarının qoynunda səadət duyğusundan artıq məst olmuş və onu ölümə aparan əjdahaya daha da çox sığınmışdır. Əjdaha sahildən uzaqlaşmağa davam edir. Amma əjdaha getdikcə çaşqın vəziyyətə düşməkdədir. Hərdən dönüb heç nə başa düşməyən çiçəyə baxır. Və birdən, əjdaha daha dözmür! Geriyə, sahilə qayıdır, çiçəyi yerinə qoyur və sürətlə sahildən uzaqlaşır.

Kierkegaard-ın buradan çıxardığı nəticə budur: „Saflıq ən güclü qoruyucudur“. Kierkegaarda görə çiçək əjdahanın niyyətini başa düşüb, onunla çarpışmağa başlasaydı məhv olacaqdı. Çiçəyin təmizliyi, ağlına pis heç nə gətirə bilməməsi qatilin vicdanını bizlədi. Əjdahanın vicdanı geciksə də, bu saflıq qarşısında sonacan duruş gətirə bilmədi, çiçəyə qıya bilməyib, yolun ortasında da olsa əjdahanı bizləyib ayıltdı. Bu hekayə, insanla yanaşı addımlayan, yolun ortasında da olsa axır ki, işə düşən, ya da axır ki, insana güc gələn, biz kimi vicdana misaldır.

***

Alman dilində (və beləliklə şüurunda) belə bir söz var: “Gewissenbiss”. Hərfi anlamı vicdan ağrısını başladan, qəflətdən qəfil oyadıcı, sürüdən ayırıcı vicdan dişləməsi (vicdan çimdikləməsi, vicdan bizləməsi) deməkdir. Yuxarıdakı bölgüdə bu, yoldaşlıq edən vicdandır. Belədə, sən səni dişləyib ayıltmış vicdanınla qəfil üz-üzə qalırsan. Bu, diksinmədir, vicdani diksinmə. Yol ayrıcına düşürsən və qərar verməlisən.

Dilimizdən bəlli olur ki, azərbaycanlı şüuru belə bir vicdani diksinməni və oyanışı tanımır. Vicdanlı olmaq – hakim kimi vicdandan daha çox gözətçi kimi vicdana yiyə olmaq deməkdir. Doğrudur, vicdan ağrısı olmaq da vicdanlılıq göstəricisidir, ancaq başdan „vicdanı yol verməyən“ sonradan „vicdanı ağrıyan“dan daha vicdanlıdır.

Təsadüf deyil ki, Qərbdə pedaqoqlar və inkişaf psixoloqları təhsil və tərbiyədə uşaq və gənclərdə vicdanın inkişaf etdirilməsindən danışarkən, onlarda patoloji vicdan ağrısı duymaq həssaslığını, vicdan əzabı çəkmək qabiliyyətini, keşişlərə xas günahkarlıq duyğularını yox, süzgəc kimi vicdan alışqanlığını inkişaf etdirməyə çalışırlar.

Azərbaycanlılara vicdan olsa-olsa arxadan gəlib çatır. Bu, həmin əzabverici (ağrıverici) hakim kimi, kəlbətin kimi vicdandır. Azərbaycanlıların vicdanı süzgəcdən də, bizdən də çox kəlbətin kimi görməkləri ondan bəlli olur ki, onlar vicdana əzab kimi baxıb, onu hiss kimi görürlər. Halbuki, vicdan ancaq əzab demək olmadığı kimi, ancaq hiss də deyildir. Fəqət bu haqda hələ sonrakı yazılarda geniş danışacağıq.

22 yaşından etibarən 2 il yarım Hitlerin şəxsi katibəsi işləmiş T. Junge (1920-2002) alman telekanallardan birinə verdiyi müsahibəsində belə deyirdı: „Nə Hitlerin yanında işlədiyim müddətdə, nə də müharibədən çox sonrakı illərdə özümü heç vaxt suçlamamışdım, öz vicdanımı həmişə təmiz sanırdım. Ancaq bir gün Fransada olarkən, 2-ci Dünya müharibəsi illərində elə mən yaşda olan və işğalçı alman nasist ordularına qarşı Fransız müqavimət hərəkatında həlak olmuş qəhrəman bir qızın heykəlini küçədə görəndə, illər sonra ilk dəfə olaraq sarsıldım və vicdanım qarşısında utandım. Deməli, elə o yaşda da başqa cür hərəkət etmək olarmış, sən demə alternativ(im) varmış!“ Göründüyü kimi, vicdan 40 il sonra da ağrımağa başlaya bilər. Bu, bir cinayətin üstünün 40 il sonra açılıb cəzalandırılmasına bənzəyir. Katibə Junge-nin bu hekayəsi kəlbətin kimi vicdana misaldır.

***

Vicdan – insan ağlının (əxlaqi) pislə (əxlaqi) yaxşı arasında fərq qoyan bacarığıdır. Yəni vicdan insanın verəcəyi, verdiyi və vermiş olduğu qərarı əxlaqi baxımdan yoxlaması və dəyərləndirməsidir. Bunu etmək düzgündürmü? Bunu düzgün edirəmmi? Bunu düzgün etdimmi? Bu kimi „praktiki ağlın“ (İ.Kant) sualları qarşısında „içimizdə“ daşıdığımız fərdi əxlaqımızla qərar verir, seçim edirik, özümüzə dəyər veririk: ya özümüzdən razı, ya da narazı qalırıq. Burada düzgün olub-olmama bağlanmış olduğumuz əxlaq(ımız) baxımından düzgün olub-olmamadır.

Fəqət azərbaycanlılar əxlaq dedikdə, ancaq qadınların namusunu başa düşdükləri üçün vicdan-əxlaq bağlılığı sözü yanlış başa düşülə bilər. Belə ki, Azərbaycanda əxlaq anlayışının məzmunu “evlənməmişdən qabaq heç bir kişi xeylağı ilə yaxınlıq etmək olmaz, ərinə xəyanət etmək olmaz, açıq-saçıq geyinmək olmaz” tələblərindən ibarətdir. Mentalitet dedikdə də başa düşülən budur. Halbuki, etikada (əxlaq fəlsəfəsində) əxlaq anlayışı “olar, -malıdır, çox yaxşıdır, olmaz, yolverilməzdir, pisdir” predikatları ilə bitən cürbəcür qaydaların toplusudur (sistemi yox, toplusu; çünki əxlaq qaydaları arasında sistem yoxdur, əksinə, çox vaxt ziddiyyət vardır). İndi, vicdan öz hərəkətinə əxlaqi cavabdehliklə baxmaqdır deyəndə, belə başa düşülməməlidir ki, bununla söylənmək istənən təkcə “Gərək, o oğlanla yatmayaydım” peşmançılığı və yaxud “Ərimə xəyanət etməyə vicdanım yol vermir” qərarıdır. Söhbət daha geniş anlamda əxlaqdan gedir. Məsələn, yalvararaq bizdən kömək istəyən adamla hırıldayıb məzələndikdən sonra, həmin şəxs sırf köməksizlik ucbatından ölürsə, bu halda bizim vicdanımız ağrıya bilər (ağrımalıdır). Və yaxud öz şəxsi qazancı üçün danışılan ziyanverici yalan tipik vicdansızlıqdır (başda prezident İlham Əliyev olmaqla, azərbaycanlı məmur ordusunu gözünüzün qabağına gətirin). Bir sözlə, əxlaq(sızlıq) anlayışı təkcə seksuallıqla bağlı olmadığı üçün vicdan(sızlığ)ın əxlaqla bağlılığı da təkcə seksuallıq mövzusunda deyil.

***

Nə qədim Şərq dillərində, nə Torada (ərəblər kimi desək, Tövratda), nə də Quranda “vicdan” kimi tərcümə edəcəymiz bir söz yoxdur (almandilli tərcümələrə əsasən deyirəm). Əvəzində Torada və Quranda “qəlb” sözü vardır.

Qədim yunan dilində vicdana syneidesis, latın dilində conscienta, alman dilində Gewissen deyilir. Bu sözlərin ilk hissəsi (syn-, con-, ge-) birgəliyi, ortaqlığı, ümumiliyi ifadə edir. İkinci hissə (eidesis, scienta, wissen) isə bilmək, xəbəri olmaq, bilik deməkdir. Beləliklə, yunan və latın dillərində və bu günkü Avropa dillərində vicdan “hamının xəbəri olan”, “hamının bildiyi, “ortaq və yaxud ümumi bilinən bilik” kimi anlamlara gəlir.

Lüğətlərin dediyinə görə, ərəb dilində “əl-vəcədə” (qavramaq) felindən törəmiş “vicdan” sözü bizim dilə keçərkən sözün anlam sahəsi təkcə daralmamış, yeni anlam da qazanmışdır. Ərəb dili bilənlərin “vicdan” sözü haqqında yazdıqlarından güc-bəla ilə anladığım bu oldu ki, “vicdan” insanın öz daxilində var olanı, ya da baş verəni qavraması, eşitməsi, ondan xəbərdar olmasıdır. Əgər vücud (var olmaq, varlıq) da əl-vəcədə felkökündən törəyibsə, onda Hind-Avropa dilləri ailəsinin mesajı ilə ərəbcəninki tam üst-üstə düşür.

Türk Dil Kurumu da “vicdan”ı “bulunç” kimi türkçələşdirmişdir, başqa sözlə desək, bulunan, yəni həmişə orada olan.
Bəs, vicdan, syneidesis, conscienta və Gewissen sözlərində „hamıda ortaq olan, hamı tərəfindən bilinən, ya da xəbərdar olunan, ümumi bölüşülən“ nədir? Bax, bu sual bizi vicdanda nəyin anadangəlmə və dəyişməz, nəyin sonradan öyrənilmə və dəyişkən olduğu probleminə və oradan da hələlik „Kimdir vicdansız?“ sualının cavabına sarı aparır.
Davam edəcəyəm.

Həmçinin bax

GünazTV Jan.2.2012 Rafiq Tağının Terroru (II hissə) [VIDEO]

Oxşar

6 şərhlər

  1. Gözəl sözlər… Ağalar müəllim bir dahidir. Kimsə bu dahinin yazılarını oxumaq istəsə, buyursun, oxusun. https://agalarqut.wordpress.com/

  2. Yazini sona qeder oxudum, cox mukemmel yazilib. Yadima 2009-cu ilde Agalar beyin dediyi muhazire duwdu. Movzu din idi ve o zaman men bir dindar kimi onu dinlemiwdim. Indi ise cox arzu ederdim ki, onun muhaziresinde bir dinsiz kimi iwtirak edem. Ama tesufki mumkun deyil..

Bir cavab yazın