BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ağalar Məmmədov: “Vicdanın iki ayağı: vicdansızlığın iki səbəbi” (Meydan.tv)

 

Nə Qərb etikasının atası sayılan Aristoteles-də, nə də onun müəllimi olmuş Platon-da hələ vicdan kimi tərcümə edilən bir söz yoxdur. Qədim yunan dilində “syneidesis”, latın dilində conscienta, alman dilində Gewissen, ərəb dilində vicdan, rus dilində совесть kimi sözlərin anlamı “hamının xəbəri olan”, “hamının bildiyi, “ortaq və yaxud ümumi bilinən bilik” deməkdir.

Elə isə vicdan necə bir bilikdir, o, nəyi bilməkdir, nədən xəbəri olmaqdır, söhbət hansı ümumilikdən gedir? Mənim üçün bu sualın iki cavabı var.

BİRİNCİ CAVAB VARİANTI. Burada ümumilik, hamılıq, ortaqlıq dedikdə, söhbət bütün insanlıqdan gedir, azərbaycanlı da buraya daxildir, Afrikada yaşayan Bumbarabus qəbiləsinin üzvləri də, avropalı da, amerikalı da və b. Bilinən, bölüşülən, xəbərdar olunan isə – insanın öz düşüncələri, öz hərəkətləri, bir sözlə, özüdür.

Vicdan o deməkdir ki, insan nə etdiyindən xəbərsiz heyvan, dəli, körpə, sərxoş, ya da maşın deyildir, əksinə, onun daim özünün-özündən xəbəri var, o, hər zaman özünü bilir. Bunu fəlsəfi terminlə ifadə edəsi olsaq belə səslənəcək: vicdan özşüurdur, özünün şüurudur (appersepsiya), nə düşündüyünü bilməkdir (refleksiya).

BİRİNCİ CAVABIN İZAHI. Adətən insanı heyvandan fərqləndirmək üçün insanın heyvandan ən əsas fərqinin şüur olduğunu göstərirlər. Bu, yanlışdır. Çünki müəyyən səviyyədə heyvanlarda (xüsusilə, məməli heyvanlarda) da şüur var. Misal üçün, eşşək də canavar görəndə onu “tanıyıb” üz qoyur qaçmağa; ayı da armudun yaxşısını pisindən “ayırd edə bilib”, yaxşısını yeyir; yırtıcı heyvanlar da yuxu görür və s. Hələ mən fili, delfini demirəm. Şüurun bu səviyyəsinə persepsiya (təsəvvür və qavrayış) adı verilir və insanı heyvandan fərqləndirən – bu mənada, bu səviyyədə şüur deyildir. İnsandakı şüur özünə uzaqdan baxa bilən, özündən xəbəri olan, özünə şahid olan bacarıqdır. Şüurun bu səviyyəsinə, yəni insandakı şüura appersepsiya (özşüur, özünün şüuru) adı verilir. İnsanı heyvandan fərqləndirən, yəni heyvanda olmayan budur. Heyvan (həmçinin uşaq, dəli, sərxoş və s.) özünü bilmir, özündən xəbəri yoxdur.

Appersepsiyanın ən yüksək səviyyəsinə fəlsəfədə refleksiya adı verilmişdir. Refleksiya düşünmənin dönüb, qanrılıb, qolumuzun dirsəkdən bükülməsi kimi qatlanıb (latın dilində flektere qatlanmaq, bükülmək deməkdir) özünə baxması, daha doğrusu, özünü düşünməsidir. Refleksiyalı insan daxili fəzası olan insan deməkdir. Refleksiv bilik özümüzün-özümüzə qanrılıb baxaraq, öz içimizi oxuyaraq, bir sözlə, özümüzdən öyrəndiyimiz bilikdir (yeri gəlmişkən, qıraqdan, başqalarından və təcrübələrdən öyrəndiyimiz biliyə də empirik bilik adı verilir). Necə ki, düşünə-düşünə birdən başa düşürük ki, bu qızı sevirik; özümüzü çək-çevir edə-edə birdən anlayırıq ki, dostumuzun gözündə fədakar kimi görünsək də, əslində niyyətimiz öz qazancımızdır, sən demə, gizli umacaqlarımız varmış və s. (eqomuzun belə oyunları var). Bunlar refleksiya yolu ilə əldə etdiyimiz refleksiv biliklərdir.

Yenidən qayıdaq vicdana. Daha doğrusu, vicdanın özşüur (appersepsiya) və nə düşündüyünü bilmək (refleksiv bilik) olmasına. Yuxarıda dedik ki, insan olmaq özündən xəbəri olmaq, nə etdiyini bilmək deməkdir. Beləliklə, „vicdan mexanizması“ insan şüurunun həmin bu özünəbaxma bacarığından başqa bir şey deyildir. Vicdan – şüurun özü-özünə baxması, ayıq olması, özündən xəbəri olması (appersepsiya) və nəyi nə üçün etdiyini, nə planlaşdırdığını, öz gizli niyyətini bilməsidir (refleksiya).

(Bəs, insan şüuru vicdanda özünə nə ilə baxır, özünü hansı ölçülərlə, hansı gözlə yoxlayır? Cavab: Əxlaqi tələblərin, qadağaların, qaydaların gözü ilə, onların ölçüsü ilə. Bu haqda sonra).
Qədimdə bu appersativ özünəbaxışı teoloqlar və elə əksər filosoflar da dini yozaraq, vicdanı qəlbimizdə allahın Gözü sayıblar. Aydındır ki, onlar hamısı nağıl danışıblar. Sonrakı yazılarımda, vicdan anlayışının tarixindən danışarkən, bunu geniş izah edəcəyəm.

Deməli, onda belə çıxır ki, vicdandakı ümumilik, hamılıq ya da ortaqlıq insan şüuruna xas olan eynilikdir. Yəni necə ki, afrikalı da, şərqli də, qərbli də, azərbaycanlı da, məsələn, eyni cür xatırlayır, ya da eyni cür şübhələnir, eyni cür darıxır, bir şüur bacarığı kimi vicdan da afrikalıda da, şərqlidə də, qərblidə də, azərbaycanlıda da eyni cür işləyir.

Lakin Aristoteles-dən bu yana zəka üçün bildiyimiz paradoks vicdan üçün də doğrudur. Yəni necə ki, zəka da həm anadangəlmə olub, ancaq həm də təcrübələrlə (məsələn, məktəblə, düşündürücü mətnlərin mütaliəsi ilə və s.) yarandığı kimi, “özündən xəbəri olmaq”, “özünü bilmək” anlamında, yəni bir şüur bacarığı (qabiliyyəti) kimi vicdan da həm anadangəlmədir, ancaq həm də tərbiyə ilə yaranır və inkişaf etdirilir.

Birisində xatirələrə sadiqlik və keçmişə bağlılıq çox inkişaf edib, digərində bu alışqanlıq az inkişaf etdiyi kimi; birisində xəyallara dalmaq, gələcəkdə yaşamaq çox inkişaf edib, digərində az inkişaf etdiyi kimi; birisi zəki, digəri küt olduğu kimi və s., bir şüur bacarığı olaraq vicdan da birisində çox inkişaf et(diril)miş ola bilər, o birisində az. Yəni birisi “ürəyi yumşaq”dır (şüuru özünə qatlana, bükülə bilir, yəni refleksiyalı), incədir; digəri “daş qəlbli”dir (şüuru özünə qatlana, bükülə bilmir, yəni refleksiyasız), bərk və qalındır. Bu, “vicdansızlığ”ın iki səbəbindən birincisidir.

Alman dilində “rücksichtslos” sifəti həm də vicdansız anlamına gəlir, ancaq sözü hecalayanda (rück-sicht-los), o, öz arxasınca baxmayan, geriyə baxışı olmayan, bir sözlə, refleksiyasız deməkdir. Həbsxanalarda təhsilsiz, dargörüşlü, cahil insanların sayının təhsilli, mütaliəli, daxili fəzasını genişləndirmiş insanlardan çox olmasının səbəbi ikincilərdə vicdanın daha çox inkişaf etmiş olmasıdır, çünki onlarda appersepsiya və refleksiya bacarıqları daha yaxşı inkişaf edib. Göründüyü kimi, əzbərlənmiş nəqarətin əksinə, vicdan heç də hiss deyildir, o, intellektual həssaslıqdır.

Beləliklə, ilk yekun nəticəmiz budur: Vicdan eynilə zəka kimi sırf potensial olaraq, meyl olaraq, mümkünlük olaraq anadangəlmə, ümumi və bütün insanlığa aid ortaq bacarıqdır.

İKİNCİ CAVAB VARİANTI. Vicdan, syneidesis, conscienta və Gewissen sözlərində deyilən ümumilik, hamılıq, ortaqlıq bu dəfə bütün insanlığı deyil, bir xalqı, bir tayfanı, bir dini, bir təriqəti, bir sözlə, eyni əxlaqi qaydalar altında birgə yaşayan insanların icmasını və yaxud cəmiyyətini ifadə edir. Bilinən, bölüşülən, xəbərdar olunan isə həmin icma, ya da cəmiyyət daxilində ümumi və ortaq olan əxlaq normalarıdır. Deməli, vicdanda ortaqlığı, ümumiliyi, hamılığı bildirən syn-, con-, ge- bu dəfə bütün insanlığa xas olan bir şüur bacarığının eyniliyini yox, əxlaqın eyniliyini ifadə edir.

İKİNCİ CAVABIN İZAHI. İkinci cavab birincidən fərqli olsa da, onu inkar etmir, əksinə, onunla yanaşı dayana bilir, eyni anda ikisi də doğrudur. Bu isə bizə vicdanın ikiayaqlı (ikihissəli, ikiköklü) olduğunu göstərmiş olur: Vicdanın bir ayağı anadangəlmə, buna görə də insanlığın hamısında ümumi olan və inkişaf etdirilən şüur bacarığı və refleksiv bilik; digər ayağı isə bəlli bir icmanın və yaxud cəmiyyətin, tərbiyə və təcrübələrlə öyrənilən, buna görə də başqalarınınkından fərqlənən empirik əxlaq normalarıdır. “Vicdan bir tərtib, bir mexanizma kimi anadangəlmədir, ancaq içi və təchizi təcrübə və tərbiyə ilə əldə edilir” (Unold).

Eyni əxlaq qaydaları ilə yaşayan insanların vicdanları da eyni gözlə baxır. Tutalım, Afrika cəngəlliklərinin birində yaşayan Bumbarabus qəbiləsi üzvlərinin vicdanı eyni hadisələr qarşısında ağrıyır, eyni hadisələr qarşısında heç bir reaksiya vermir. Eyni sözlər Azərbaycan mentaliteti ilə yaşayan azərbaycanlılar üçün də doğrudur. Və Bumbarabus “mentaliteti” və vicdani həssaslığı ilə Azərbaycan “mentaliteti” və vicdani həssaslığı fərqli olduğu üçün onların vicdanları da fərqli işləyəcəkdir. Bununla demək istəyirik ki, hər fərqliliyi yoxluq kimi yozmaq haqqımız yoxdur, yəni hər faktı vicdansızlıq saya bilmərik. Çünki vicdanlar bir olmur. Necə ki, əxlaqlar bir olmur.

Bu da „vicdansızlığ“ın iki səbəbindən ikincisidir.

Vicdanın iki ayağını müəyyən etməklə, biz artıq „Kimdir vicdansız?“ sualının cavabına aparan yola girmiş olduq.

***

Vicdanlararası fərqliliyin birinci səbəbi fərqli incəlik tərbiyəsi, fərqli həyat təcrübələri, fərqli həssaslıq; digər səbəbi isə fərqli əxlaq normaları, fərqli dünyagörüş, fərqli düşüncə tərzidir.

Məsələn, Suriyada adamın başını diri-diri kəsən birisinin vicdanı (o işi görərkən!) işə düşmür. Belədə, o, ya bir cana, bir ömrə son verdiyini heç görmür, insan başı kəsmək onun üçün o dərəcədə adiləşib ki, o, nə etdiyini başa düşmür. (Yalan-doğru, Mircəfər Bağırovun öz məhkəməsində dediyi son sözünü xatırlayın: “Əgər dedikləriniz doğrudursa, mən bunları eləmişəmsə, onda məni şaqqalamaq lazımdır!” – gecikmiş vicdanın oyanışı). Ya da o Suriyadakı başkəsən hesab edir ki, məsələn, dini düşmənin (mürtədin, şiənin, sünninin və s.) başını kəsmək savabdır. Beləliklə, onun bu “ağrımaz”lığı (İ.Nəsimi) həm (ya) onun şüur və düşüncə səviyyəsini və intellektual həssaslığını, həm də (ya da) onun əxlaqını, dünyayabaxışını, mentalitetini göstərir. Çünki vicdan bu iki ayaq üzərində durur.

Bizim çoxumuzun isə o səhnələri görəndə ürəyimiz ağzımıza gəlir. Ona görə ki, biz həmin o başkəsəndən ya (həm) fərqli vicdani həssaslığa, ya da (həm də) fərqli dünyagörüşə, anlayışlar sisteminə, əxlaqa yiyəyik. Bununla söyləmək istəyirəm ki, vicdanın iki ayağı olduğundan vicdansızlığın da iki ayrı səbəbi vardır.

Davam edəcəyəm.

Həmçinin bax

GünazTV Jan.2.2012 Rafiq Tağının Terroru (II hissə) [VIDEO]

Oxşar

3 şərhlər

  1. Bir yaxin adamla 2 il evvel uzun uzadi exlaq,vicdan bu kimi meselelr barede danisirdiq.o muselmandi.texmini ne demis oldugun ‘ bilirsiz yeqin,bilmirem’))) axiri dozmedim dedimki a kisi allah var ve necekibqushlara ucmagi oyredib sen deyen kimi.fitretinde qoyub elecede insana yaxsi olmaqi fitretinde qoymalidi binun ucun kitaba ehtiyac yoxdu.allahin boyukluyu komeyime catdi,helede cash bashdi o adam))

  2. Ağalar müəllim həqiqətən bir dahidir. Kaş ki, onunla söhbət etmək imkanım olardı… Filosofla fəlsəfi söhbət etmək başqa zövq verər insana. 🙂

Bir cavab yazın