BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“İlk dəfə olduğun adada kompüter görsən…”

 

( İlk öncə, mənim “məntiqsiz” izahlarımdan “yorulan”, amma yenə də onları oxuyan istifadəçilərdən xahiş edirəm, profilinizin xəbər lentindəki növbəti dərcə keçin. Düşüncələri sizi maraqlandırmayan insanın düşüncələrini oxumaq bir az məntiqsizdir, deyilmi?! )

Müsəlmanikuslar bu, təsvirdə yazdığım paraleli çəkməyi çox xoşlayırlar. Görünür, absurdluğundan asılı olmayaraq, bu suala cavab verməli olacam.

Hər bir insanın verdiyi qiymət, çıxartdığı nəticə və etdiyi fərziyyə məhz onun fərdi həyat təcrübəsindən asılıdır.

“İlk dəfə olduğun adada kompüter görsən…”. Gəlin bu çəkilən misal ilə reallıqda yaşadığımız həyatın oxşar və fərqli tərəflərinə baxaq. İlk olaraq, müşahidə olunan və təsəvvür olunan obyekt (hadisəni) ayırd etməliyik.

Dindarların çəkdikləri misalda: müşahidə olunan — kompüter, təsəvvür olunan — adada insandır. Bizim yaşadığımız reallıqda, müşahidə olunan — Kainat, təsəvvür olunan — Tanrıdır.

Bu ikisinin arasında fərq nədədir?! Birinci misalda bütün obyektlər — kompüter, insan, ada — bizim tərəfimizdən dəfələrlə görülüb (hiss edilib), amma ikinci misalda olan obyektlərin siyahısında, Tanrı — heç vaxt görülməyib (hiss edilməyib), Kainat — ilk dəfədir ki, görülür.

Deyəcəksiniz: “Axı ordakı adanın təsvirində “ilk dəfə olduğun (gördüyün)” deyilir.”. Bəli, bu da dindarların əsas hiyləsidir. “İlk dəfə olduğun ada” ilə ilk dəfə gördüyümüz Kainatı əvəz etmək istəyirlər, amma bu absurddur. Gəlin, aydınlaşdıraq, niyə.

Dediyim kimi, birinci misalda müşahidə olunan və təsəvvür edilən obyeklər (hadisələr) dəfələrlə bizim tərəfimizdən görülüb. Biz həyatımda yüzlərlə-minlərlə kompüter və ondan daha da çox insan görmüşük, amma həyatımızda ilk dəfədir ki, Kainat görürük. “Tanrı” adlanan bir obyekti isə heç vaxt görməmişik.

Ortaya yeni bir sual çıxır: “Axı həyatımızda gördüyümüz insanlar qədər də başqa obyektlər görmüşük… Məsələn, heyvanlar. Niyə biz o, sözü gedən adada kompüter görsək, orda hər hansı heyvanın olduğunu düşünmürük, amma insanın olduğunu düşünürük?”

Doğrudur, biz, nəticə çıxarmaq üçün, müşahidə olan və təsəvvür olan obyektləri (hadisələri) dəfələrlə görməkdən əlavə, onların qarşılıqlı təsirini də görməliyik. Həyatımızda dəfələrlə insanlar və kompüterlər görməkdən başqa, həm də kompüterlərin insan tərəfindən istehsal, təmir və istifadə edildiyini görmüşük, məhz buna görə də, ilk dəfə olduğumuz adada kompüter görəndə ilk ağlımıza gələn hadisə — adada insanın mövcudluğudur. Bəs biz həyatımızda Kainat ilə Tanrının qarşılıqlı təsirini (əlaqəsini) neçə dəfə görmüşük?! Mən şəxsən hər hansı bir Kainatın hər hansı bir Tanrı tərəfindən istehsal, təmir və istifadə edildiyini daha öncələr görməmişəm.

Fikrimi daha aydın izah etmək üçün daha bir misal. Tutaq ki, bizim yerimizə o naməlum adaya sivilizasiyadan uzaqda, səhrada yaşayan, kompüter üzünü görməyən, qəbilə adamı düşüb və o kompüterə rast gəlib. Sizcə o hansı nəticəyə gələcək?! Burda bir neçə variant var. Ya o qəbilə adamı kompüterə fikir verməyərək yanından keçib kokos üçün ağaca çıxacaq, ya kompüterin mürəkkəbliyini görüb adada Tanrının mövcud olduğunu düşünəcək, ya da ki, kompüterin səthinin ideal hamarlığına kifayət qədər qiymət verib, üstündə oturmaq üçün istifadə edəcək. Bir sözlə, bizim qəbilə adamının mövcud davranışlarının variantları sonsuzdur, amma onun ağlına məhz adada insanın mövcud olması gələcəyinə inanmaq çətindir. Niyə?! Çünki o qəbilə adamı üçün ilk dəfə gördüyü obyekt, kompüter, bizim üçün ilk dəfə gördüyümüz obyekt Kainat kimidir və məhz buna görə də, bəzi dindarlar o, qəbilə adamı kimi Tanrının mövcudluğuna inanmağa meyl göstərir, çünki ilk dəfə gördüyü obyekt həm də çox mürəkkəbdir.

Daha bir misal çəkirəm. Tutaq ki, biz ilk dəfə olduğumuz adada kompüter deyil, dərc etdiyim təsvirdə 6 nömrəli fotodakı iz gördük. Böyük ehtimal ki, biz o izə fikir verməyib yanından ötüb keçərik, amma bizim, səhrada yaşayan, qəbilə adamımız o izi görüb torpağın altında qum əfisinin gizləndiyini (mövcud olduğunu), böyük ehtimal ki, anlayacaq. Bunun səbəbi isə, əvvəldə dediyim kimi, çıxartdığımız hər bir nəticə bizim təcrübəmizdən asılıdır və real obyekt və hadisələrə əsaslanır (dindarlar istisna olmaqla).

Qayıdaq “əgər sən ilk dəfə olduğun adada kompüter görsən, adada insanın olduğunu anlayarsan” misalına. Əgər, tutaq ki, mən, həqiqətən, ilk dəfə olduğum bir adada kompüter görsəm, orda insanın mövcud olduğunu anlamağım mütləqdirmi?! Məncə, xeyr. Çünki kompüterin vəziyyəti də vacibdir. Məsələn, əgər mən o kompüteri dəniz ilə torpağın sərhədində, duzlu suyun təsirindən korroziyaya uğramış, yararsız halda, ixtiyari vəziyyətdə görsəm, düşünərəm ki, böyük ehtimal, bu kompüter hansısa qəzaya uğramış gəmidən suyun axını ilə adaya gəlib. Və yaxud da, ikinci variant, bu qəzaya uğrayan gəmidə öz kompüterini çox sevən bir insan var idi və o insan öz həyatını riskə ataraq bir qoltuğunun altında kompüteri tutaraq, bir əli ilə üzə-üzə gəlib çıxıb bu adaya və bu adada, həqiqətən, insan ola bilər. Əlbəttə, ikinci variant daha az inandırıcıdır.

Amma əgər mən kompüteri səliqəli şəkildə bir ağacın kölgəsində olan daşın üstündə görsəm, əlbəttə ki, düşünərəm ki: “Bu adada yəqin insan yaşayır.”. Və əgər həmin yerdə duran kompüter toz içində, duzlu havanın təsirindən yararsız hala düşmüş vəziyyətdə olsa, mən “Bu adada yəqin insan yaşaMIŞDI” düşünərəm. Deməli, müşahidə olunan obyektin vəziyyəti təsəvvür olunan obyekt (hadisə) haqqında daha çox məlumat verə bilər, əgər, əlbəttə, onların hər biri bizim tərəfimizdən həyatımızda dəfələrlə görülübsə, başqa sözlə desək, realdırlarsa.

Məsələn, biz o kompüteri yandırıb içindəki fayllara baxsaq, təsəvvür etdiyimiz obyekt olan, adadakı insanın hətta keyfiyyətləri haqqında da təxminlər edə bilərik — hansı musiqini sevir, neçə yaşı ola bilər, hansı xasiyyətli insandır və s.

Bəs Kainat bizə Tanrı haqqında əlavə məlumat verir?! Tanrının sevdikləri, xasiyyəti və nə zaman mövcud olduğu haqqında nəsə bilirik?! Kainat hansı vəziyyətdə olmalıdır ki, biz Tanrının hal-hazırda mövcud olduğunu deyil, nə vaxtsa mövcud olmuş olduğunu düşünə bilək?!

Bir sözlə, bizim gördüyümüz ancaq Kainatdır və biz onu ilk dəfədir görürük, daha doğrusu, biz, ümumiyyətlə, ilk dəfədir ki, hər hansı bir Kainat görürük. Və biz heç vaxt nə Tanrılar, nə də ki, Tanrıların Kainatlar ilə qarşılıqlı təsirini görməmişik.

Hə, bir də onu deyim ki, dindarların daha bir xoşladığı çaşdırma üsulu var: Kainatın içində mövcud olan qanunları (məntiqi) Kainatdan kənara tədbiq etmək. “Sən heç görmüsən (Kainatda) nəsə öz-özünə baş versin?!.. Bəs niyə düşünürsən ki, Kainat öz-özünə yaranıb?” kimi sual vermək “Kainatda bütün cisimlər bir-birlərini cəzb edir, deməli, Kainatımızı cəzb edən nəsə var və o nəsə Tanrıdır” kimi mülahizə aparmağa bənzəyir.

Hərdən bu dindarlar ilk dəfə paltaryuyan maşını görüb “Bütün maşınların işləməsi üçün içinə benzin tökmək lazımdır, deməli, bu paltaryuyan MAŞININ da içinə benzin tökmək lazımdır” düşünən insan təsəvvürü yaradırlar.

 

Hz.Horus
28.11.2014

Həmçinin bax

Aydın Əlizadə – Antik Fəlsəfə Tarixi [PDF, EPUB]

AMEA ın Fəlsəfə və Hüquq Institutunun baş elmi işçisi, fəlsəfə elmlər doktoru Aydın Əlizadənin yeni ...

Bir cavab yazın