BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şahin Musavi – M.F.Axundovun dini görüşləri və “Kəmalüddövlə məktubları”ndan sitatlar

Mirzə Fətəli Axundov Şərqin ən böyük ziyalılarından biridir. Axundovun dövrünə görə çox-çox irəli getdiyini deyə bilərik. Əsərlərində daha çox molla və ruhaniləri tənqid edən Axundov dini fanatizmdən çıxıb tərəqqiyə qədəm qoymağın vacibliyini xüsusi vurğulayırdı. Əsərlərindən Axundovun dini baxışlarını görmək mümkündür. Çox şəxs axundovu ateist kimi tanıyır. Bəli, o öz əsərlərində “allah”ı və digər dini kitabları, şəriət hüququnu tənqid edirdi. Lakin Axundovu ateist yox daha çox deist adlandırsaq, daha yerinə düşər. Lakin bu barədə də onun düşüncələri ziddiyətlidir. Bu fikri mən “Kəmalüddövlə məktubları” əsərində yazdığı bir fikirə əsasən deyirəm. O fikir aşağıdakı kimidir:

“…Belə bir əqidə bütpərəstlikdən də pisdir. Kainatı yaradan Allah bu cür sifətlərdən uzaqdır və ona bu kimi sifətləri vermək xalis küfrdür. Siz dediyiniz Allah, sizin xəyalınızda zənn ilə süni surətdə yaradılmış Allahdır. Senin Allahın səfehlərin dediyindən çox yüksəkdir…”

Daha sonra isə Axundovun Allahı tənqid etdiyini hətta daha sonra isə təhqir etdiyini görə bilərik. Axundovun dini baxışlarını müəyyən etmək üçün onun “Kəmalüddövlə məktubları” əsərini oxumaq kifayətdir. Axundovun düşüncəsinə əsasən din insanları çox geri salıb. Avropa insanın inkşaf etməsi, müsəlmanın isə cəhalət girdabında olmasının başlıca səbəbini o dində, xurafatçılıqda görür. O qeyd edir ki, bu mollalara ağıllı insan yox, bir sürü qoyun lazımdır. Axundov tamamilə İslamı rədd etmir. O qeyd edir ki, İslamda, şəriət-hüququnda xeyirli şeyləri saxlayıb, ziyanlıları atmaq lazımdır. Həmçinin o şəriətin ciddi tələblərini də rədd edir:

“….Qadağan edirsiniz, spirtli içkiləri qadağan edin. Şərabın haram edilməsi, həqiqətdə, İslam dininin misilsiz qanunlarındandır. Çünki spirtli içkilərin bədənə heç bir xeyri yoxdur və bu içkiləri çox içdikdə insanın vücudu, şübhəsiz, müxtəlif xəstəliklərə tutulur, nəhayət, tamamilə məhv olub gedir.. Siz qumarı qadağan edin ki, dünyada insanın ömrünü zay edən və həyatın ləzzətini zəhrimara döndərən pis bir adət və əlacı tapılmayan təhlükəli bir xəstəlikdir…”

Axundov əsərlərində cənnət və cəhənnəm məfhumunu inkar edir. Və bunu aşağıdakı kimi əsaslandırır:

“…Məgər elə bir müsəlman vardır ki, cəhənnəm qorxusundan xalqın malı əlinə düşdükdə yeməsin; bir tüksüz uşağa rast gəldikdə ona əl vurmasın; fürsət düşdükdə camaatın qızına və arvadına təcavüz etməsin?! Bütün oğrular, yolkəsənlər və qatillər cahillər adamlar sırasından, yəni cəhənnəmə inanan adamlar sırasından çıxır. Heç alim və mərifət sahibi adamlardan birinin oğru, yolkəsən və ya qatil olduğunu görmüşsənmi? Afrikada bəşər cinsindən olan azyaşlı oğlan uşaqlarını tutaraq rəhmsizcəsinə axtalayıb xacə edən və onu İslam ölkələrinə heyvan kimi satanlar, habelə onları alanların hamısı cəhənnəmə inanan adamlar idi…”

Axundov həmçinin “Qurandakı Allah”ı riyakar, ikiüzlü və cəllad hesab edir, fikirlərini aşağıdakı misralarda əsaslandırır:

“…Sağlam əql icazə verər ki, şüurlu bir adam aləmi yaradanı bizim peyğəmbərin Quranda vəsf etdiyi qərəzlərə şamil bilsin? Məsələn: “Əbi-Ləhəbin əlləri şil оlsun”. Pəh-pəh… Allahımıza baх, “Əbi-Ləhəbin əlləri şil оlsun”, baх gör bizim Allah dul arvadlar kimi Əbi-Ləhəbə necə qarqış göndərir, çünki оnun əql və huşu var, anlayır ki, qardaşı оğlu avam aldatmaq dəstgahı düzəltmək istəyir və öz nəfsinin bu fani dünyada beş günlük həzzi üçün min-minlərcə adamları ölümə vermək və Asiyanın bəyənilmiş səltənətlərini məhv etmək və şərafətli nəsilləri kоrlamaq və Asiya tayfalarını cəhalət və bədbəхtlik dəryasına qərq etmək istəyir. Az-çох bir düşüncəsi оlan adam “Təbbət” surəsinin dəlalət etdiyi belə çirkin və ləyaqətsiz qərəz sahibi Allahı bütün ülvi və süfli aləmlərin yaradıcısı saya bilərmi? Əgər həqiqətdə biz tək bir хəlqedənin və misilsiz bir yaradıcının varlığına qail оlsaq, о хəlqedən və yaradıcı şəksiz və şübhəsiz bizim peyğəmbərin Quranda bizə göstərdiyi Allah deyildir.

Bu surə Məkkədə nazil оlmuşdur. Peyğəmbərimiz Məkkədə оlduğu vaхt hələ köməkçisi, tərəfdarı və gücü yох idi. О zaman bizim Allah yalnız оnun düşmənlərini qarqış etmək ilə kifayətlənmişdir. Peyğəmbərimiz Mədinəyə köçdükdən sоnra, başına bir çох tərəfdar və köməkçilər yığışdıqdan sоnra və işində irəliləmə görünərək özü də qüdrət və dövlət sahibi оlduqdan sоnra vəziyyətini dəyişdi. Ədalət və insafı tamamilə kənara qоydu, qan tökməyə, rəhmsizliyə başladı, “Müşrikləri öldürün!” ayəsini göndərdi. Хəndək davasından sоnra öz Cəbraili vasitəsi ilə peyğəmbərə bəni-Qureyşə qəbiləsini mühasirə etməyi əmr etdi. Peyğəmbər оnların üzərinə hücum etdi, qalalarını tutdu və mallarına sahib оldu, оnların arvad-uşaqlarını əsir etdi. Kişilərin bоyunlarını vurdurdu. Bu macəra ilə biz kainatın Allahını necə ədalətli saya bilərik? Оnu necə alçaq əхlaq və qərəz sahibi kimi tanımayaq? Və оna necə əzəmət, cəlal, mürüvvət və mehribanlıq sahibi, rəhmət və ehsan çeşməsi deyək? Bu necə Allahdır? Bu şiddətlə ölümə verdiyi bəndələr оnun məхluqu deyilmi? Хülasə….”

Hər şeyə rəğmən insanları cahiliyyət quyusundan çıxıb kamala dəvət edən Axundov şərq dünyasının bir dahisidir. O insanları savada səsləyirdi. Bu da təbii ki mollaların işinə yaramırdı. Çünki indi olduğu kimi o zaman da mollalara ağıllı adamlar lazım deyildi. Hətta mollalar və dini xurafatçılar həmin şəxsləri düşmən gözüylə görür, ölümünə fətva verirdi. Bu vəziyyət indi də heç fərqli deyil.

 

Mənbə: yazarkesh.wordpress.com

Həmçinin bax

Mirzə Fətəli Axundov – Kəmalüddövlə məktubları [PDF]

Kəmalüddövlə məktubları — Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığ bədii-fəlsəfi traktatı. Bu əsər Axundovun yazdığı ...

Bir cavab yazın